Zəlimxan Yusif oğlu Yaqubov (Zəlimxan Yaqub) 1950-ci il yanvarın 21-də Gürcüstanda, Bolnisi rayonunun Bolus-Kəpənəkçi kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə Bolus-Kəpənkçi kənd orta məktəbini bitirmişdir.
1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsində təhsil almışdır. İxtisasca kitab əmtəəşünasıdır. Əmək fəaliyyətinə 1967-ci ildə fəhlə kimi başlamışdır. 1973-1984-cü illərdə "Azərkitab" sistemində satıcı, baş satıcı, mağaza müdiri və Könüllü kitab sevənlər cəmiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. 1984-cü ildə "Yazıçı" nəşriyyatının müdiri vəzifəsində işləmişdir.
Ədəbi fəaliyyətə 1966-cı ildə "Qələbə bayrağı" rayon qəzetində çap etdirdiyi "Şota Rustaveliyə" adlı şerlə başlamışdır. 1987-ci ildə Ağdam Dövlət Dram teatrında "Aşıq Ələsgər" adlı mənzum pyesi müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
1992-1995-ci illərdə sərbəst bədii yaradıcılıqla məşğul olmuşdur. "Könlümün səsi", "Yolum eldən başlanıb", "Od aldığım ocaqlar", "Biz bir eşqin butasıyıq", "Ziyafətin qəbul olsun, "Şair harayı", "Bir əlim torpaqda, bir əlim haqda", "Bu yaşıl ağacın altı bizimdir", "Zəlimxan Yaqub" foto-albom, gürcü dilində "Söz camı", fransız dilində "Şairin taleyi" kitabları böyük tirajla nəşr edilmişdir.
Ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilir.
Anadan olmasının 50 illiyi münasibətilə 2000-ci ildə Azərbaycanın "Şöhrət" və Gürcüstanın "Şərəf" ordenləri ilə təltif olunmuşdur. Hacı Zeynalabdin Tağıyev adına və Məmməd Araz adına mükafatlara layiq görülmüşdür.
Dövlət nümayəndə heyətinin tərkibində ABŞ-da, Almaniyada, Çin Xalq Respublikasında, Səudiyyə Ərəbistanında, İraqda, Türkiyədə, Qırğızıstanda rəsmi səfərlərdə olmuşdur.
1994-cü ildən Respublika Prezidenti yanında əfv və bağışlama komissiyasının üzvüdür.
Bakı şəhəri, 15 saylı Sabunçu seçki dairəsindən I və II çağırış müstəqil Azərbaycan Respublikası Parlamentinə deputat seçilmişdir.
Kitabları
Şair harayı
Vətən yaralar
Sizi qınamıram
Ziyarətin qəbul olsun
Od aldığım ocaqlar 1986
Mən sənin qəlbinə necə yol tapım 2003
Böyük ömrün dastanı 2004
Qayıdaq əvvəlki xatirələrə 2004