Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Qobustan qaya rəsmləri qədim Albaniya dövrünün bədii keramikası, Orta əsrlərdə inşa edilmiş əzəmətli qəsrlər, türbələr, məscidlər, saraylar, dünya şöhrəti qazanmış Təbriz miniatür məktəbinin nümunələri rəngarəng xalçalar, tikmələr, zərif çini qablar, şəbəkə və zərgərlik məmulatı bütün bunlar bədii irsimizin çox zəngin olduğunu sübut edir. Azərbaycan incəsənəti təbiəti kimi rəngarəng dolğun və zəngindir. Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində mühüm yer tutur. Miniatür həcmin kiçikliyi ilə bərabər bədii üslubların xüsusi incəliyi ilə fərqlənən təsviri sənət əsərinə deyilir.
Orta əsrlərdə üzü köçürülən Qurani-Kərim yalnız naxışlarla bəzədilirdisə dünyəvi məzmunlu əsərlər çox zaman süjetli miniatürlərlə illüstrasiya olunur, ornamentlərlə bəzədilirdi.Miniatür sənətinə bəzən saray sənəti də deyilir. Ona görə ki, əlyazma kitabların miniatürlərlə bəzədilməsinə ən çox tələbat feodal cəmiyyətinin yuxarı təbəqəsi-padşahlar, şahzadələr arasında olmuşdur. Mahir rəssam, nəqqaş, xəttat və cildsazlar tərəfindən uzun müddətə başa çatdırılan bu qiymətli əlyazmaların əsas sifarişçisi və sahibi də elə onlar idi. Miniatürün yaranmasında əsas vəzifə rəssam xəttatların üzərinə düşürdü. Xəttatlıq sənəti çox incə və çətin sənət növlərindən sayılır. Xəttat rəssam bədii xətt ilə əsəri kağıza köçürürdü. Xəttat nəinki təkcə mətnin səhifədə yerləşdirilməsini habelə rəssamın çəkəcəyi miniatürün süjetini də müəyyənləşdirir.
Orta əsrlərin görkəmli şairi Nəvai yazırdı: “Xəttatın gözəl xətti şairin sözünü bəzəyir. Bu gözəllik həm şairin, həm oxucunun gözünü sevindirir. Hərflərin forması gözəl olmayanda məzmun da boş görünür.”XV əsrdən etibarən Təbriz yenidən yaxın şərqin ən görkəmli mədəniyyət mərkəzlərindən birinə çevrildi. Gözəl savadı, incə, bədii zövqü, şerə, sənətə həvəsi və qayğıkeşliyi ilə seçilən Yaqub Mirzənin hakimiyyəti illərində (1478-1490-cı illər ) dövrün görkəmli alim, şair və sənətkarları toplamışdı. Bu dövrdə dahi özbək şairi Əlişir Nəvainin başçılıq etdiyi ədəbi məktəbin şöhrətini bütün Şərqdə geniş yayıldığına və bəzi Azərbaycan şairlərinin Herata (Əfqanıstan) köçüb getmələrinə baxmayaraq Yaqub Mirzənin Təbriz sarayı ədəbiyyat və incəsənətin ümumi inkişafdakı rolu çox böyük oldu.
XV əsrdə Təbriz rəssamlarının əldə etdiyi nailiyyətlərdən biri Nizaminin Xəmsəsinə 1481-ci ildə çəkilmiş miniatürü misal ola bilər.
Təbriz məktəbinin təsiri nəticəsində Azərbaycanın başqa mədəni mərkəzlərindən Bakıda və Şamaxıda da miniatür sənəti inkişaf edirdi. Xüsusi olaraq “Şamaxı antologiyası” adı ilə bəlli olan 1468-ci il tarixli əlyazmasının illüstrasiyasını qeyd etmək lazımdır. Əsər 8 miniatür ilə bəzədilib. Hal-hazırda bu miniatürlər Londonun Britaniya muzeyində saxlanılır. XV əsr Azərbaycan miniatür sənətinin inkişafında klassik poeziyasının əhəmiyyətli rolu olmuşdur. Azərbaycan miniatüründə dini mövzular, bəşəri hisslər, real həyat hadisələri əsas yer tuturdu.