Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə) 1812-ci ildə Şəkidə anadan olub. - Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir.
1814-cü ildə atası Mirzə Məhəmmədtağı və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüş, 13 yaşınadək İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdir, 1825-ci ildə anası ilə Şəki-yə qayıtmışdır.
Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir.
Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir, bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o,Tbilisiyə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur.
Axundzadə "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.
Axundzadə bədii yaradıcılığına şerlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə).Axundzadə Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir.
Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi.Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
1878-ci ildə Tbilisidə vəfat etmişdir.
Əsərləri
Aldanmış Kəvakib
Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara)
Hekayəti Molla İbrahimxəlil Kimyagər
Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur
Sərgüzəşti Vəziri-Xani Lənkəran
Hekayəti Xırsi-Quldurbasan
1.Əsərləri. 3 cilddə. Bakı: Şərq-Qərb, 2005, c.I, 296 s.; c.II, 376 s.; c.III, 296 s.
2.Ахундов М.Ф. Восточная поема на смерть А.С.Пушкина. Баку: Азернешр, 1982, 22 стр.
3.Ахундов М.Ф. Обманутые звёзды. Баку: Детюниздат, 1957, 56 стр.