1927-ci il yanvar ayının 5-də Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur.
Yeddiillik təhsilini kənddə alan Ə. Qasımov Ağdam pedaqoji texnikumuna daxil olur. Texnikumu bitirdikdən sonra Ağcabədi rayonunun Xocavənd və Boyad kəndlərində müəllimlik edir.
Ə. Qasımov 1944-cu ildə Ağdamdakı 2 illik müəllimlər institutuna daxil olub, 1946-cı ildə oranı bitirir.
O, 1946 – 1951-ci illərdə Azərbaycan Dövlət Universiteti filologiya fakultəsinin jurnalistika şöbəsində oxumuşdur. Ə. Qasımov, oranı bitirdikdən sonra «Azərbaycan müəllimi» qəzetində şöbə müdiri və redaktor müavini (1951 – 1958-ci illər), «Ədəbiyyat və incəsənət» qəzetində məsul katib (1958 – 1966-cı illər) vəzifələrində çalışmışdır.
1966-cı ildən Ə. Qasımov Azərbaycan SSR Nazirlər Sovetini Dövlət mətbuat komitəsində nəşriyyat idarəsinin rəisidir.
Ə. Qasımov ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda müəllimlər institutunda oxuyarkən başlamışdır. «Xalq arzusu» adlı ilk şerri Ağdamda çıxan «Lenin yolu» qəzetində çap olunmuşdur. Universitetdə oxuduğu illərdə Ə. Qasımovun şerləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilmişdir.
Ə. Qasımovun «Ərimizin ətəklərində» adlı ilk oçerklər kitabı 1954-cu ildə çapdan çıxmışdır. Bundan sonra isə «Şagird briqadaları» (1960), «Odlu ürək» (1962), «Dnepr qəhrəmanı» (1963), «Ulduz karvanı» (1967), «Saçlar ağarsa da» (1970) adlı oçerklər kitabları nəşr olunmuşdur. Roman 1972-ci ildə qırğız dilinə tərcümə edilmişdir. Ə. Qasımov «Məni qınamadın» (1968) adlı povest və hekayələr kitabının, «Qızburunda tək məzar» (1970) adlı sənədli povestin də müəllifidir.
1985-ci il martın 12-də Bakıda vəfat etmişdi.
Haqqında deyilənlər
Unudulmaz yazıçımız Əlfi Qasımov vaxtilə “Ədəbiyyat və incəsənət” qəzetində məsul katib işləmişdir. O, istedadlı qələm adamı olmaqla yanaşı, həm də gözəl dost, yaxşı insan idi. Hələ orta məktəbdə oxuduğum illərdə yazıçıyla olan şəxsi tanışlığım sonralar etibarlı dostluğa çevrildi. Aradan uzun illər keçsə də ilk tanışlığın təəssüratını unuda bilmirəm. Yazıçılar Birliyi və “Ədəbiyyat qəzeti”nin 75 illik yubileyi günlərində Əlfi müəllimlə bağlı xatirələrimi oxuculara təqdim etməyi özümə mənəvi borc hesab edirəm.
1955-1956-cı dərs ilində Əlfi Qasımov və Mirabbas Aslanov «Azərbaycan müəllimi» qəzetinin əməkdaşı kimi Qonaqkəndə gəlmişdilər. Mən o vaxt IX sinifdə oxuyurdum. Ədəbiyyat müəllimimiz tutarlı mühakimələri ilə seçilən Tərlan Rəhimov idi. Ə.Qasımov və M.Aslanov müəllimlər otağından Tərlan müəllimə qoşulub sinfimizə gəldilər. Salamlaşandan sonra Əlfi Qasımov Tərlan müəllimə dedi:
- Müəllim, icazə verirsiz dərsi biz davam etdirək?
Tərlan müəllim: - Buyurun, - deyib arxa sıraların birində əyləşdi.
Dərsin aparıcıları bir neçə sualla sinfə müraciət etdilər. Rafiq Əhmədov, Sabir Məmmədsalahov, Rafiq Bəşirov, Vəkil Şükürov və başqaları sərrast cavabları ilə seçildilər. Dərsimiz C.Cabbarlının «1905-ci ildə» əsəri olsa da, suallar müxtəlif idi…
Sinfin ümumi səviyyəsi haqqında anlayışdan sonra iki şagirddən dərs soruşdular. Sinif jurnalına baxıb Əlfi Qasımov məni yazı lövhəsinin qarşısına çağırdı. Cavabımı dinləyib məni sual yağışına tutdu. Biliyimi qiymətləndirmək məqamı çatanda Əlfi Qasımov Tərlan Rəhimovdan təbəssümlə soruşdu:
- Müəllim, icazə verirsiz bu şagirdin «beş»ini öz xəttimlə jurnala yazım, yadigar qalsın?
Şagirdinin «beş» qiymət almasından sevinən Tərlan müəllim eyni səmimiyyətlə razılıq verdi.
Əlfi müəllim adımın qarşısına «beş» yazıb qələmi yerə qoydu. Üzünü sinfə tutub şagirdlərin qəlbini riqqətə gətirdi:
- Sevinin ki, sizin belə təmkinli və savadlı müəlliminiz var. Ondan və oxuduğunuz kitablardan nə qədər öyrənsəniz, inanın, çox irəli gedərsiniz. Bir çox bağlı qapılar üzünüzə taybatay açılar.
Onun haqqında rayon qəzetində çap etdirdiyim “Sinif rəhbəri” oçerkimdən Əlfi Qasımovun xəbəri olsaydı, yəqin ki, sözlərinin tərif notunu bir az da artırardı. Lakin o, lakonik bir mülahizə ilə kifayətlənib Mirabbas müəllimə məsləhət gördü ki, - buyurun, bir şagirddən də siz soruşun. Görək onun cavabı necə təsir bağışlayacaq.
O, jurnala baxıb bir adın üstündə dayandı: Rəhim Alxasov. Sonra dərsi Əlfi Qasımov kimi dialoq şəklində aparmağa üstünlük verdi. Azərbaycan Yazıçılar Birliyinin gələcək üzvünü suallar burulğanına saldı. Mirabbas Aslanov ondan istədiyi cavabı aldı və razı qaldı. Rəhimin biliyini yüksək qiymətləndirib, Tərlan müəllimin icazəsi ilə ona «beş» yazdı…
O gün dərsimiz məktəbin bir-birindən maraqlı keçən ədəbiyyat dərnəyinin məşğələlərindən heç də geri qalmadı. Ə.Qasımovun da, M.Aslanovun da qürur hissi keçirdiyi aydın hiss olunurdu.
Tərlan Rəhimovun iki şagirdinin biliyinə verilən «beş» qiymət eyni zamanda, müəllim (və ədəbiyyat dərnəyi rəhbərinin) əməyinə verilən yüksək qiymət idi. Bu məziyyətin əks-sədası tezliklə Qonaqkənddən kənara çıxdı və uzun müddət hafizələrdə dərin iz buraxdı.
Ə.Qasımovla sonrakı görüşlərim BDU-da oxuduğum, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda dissertant olduğum və Bakı Mədəni-Maarif Texnikumunda müəllim işlədiyim illərə, ədəbiyyatşünas alim M.Aslanovla görüşlərim isə keçən əsrin son 30 ilinə və yeni əsrin əvvəllərinə təsadüf edir.
Yazıçı, publisist Ə.Qasımovla çoxsaylı görüşlərimdən biri onun «Adilənin taleyi» romanı ilə bağlıdır. Roman 1964-cü ildə Azərnəşrdə 15 000 tirajla çapdan çıxan kimi yaxşı rezonans doğurmuşdu. Onu yazıçı təxəyyülünün məhsulu yox, həyat faktı kimi qəbul edənlərin və Ə.Qasımovun ədəbi uğuru sayanların sayı gündən-günə çoxalırdı. Romanın doğurduğu bu əks-səda Bakı Mədəni-Maarif Texnikumunun tələbə və müəllim kollektivini də müəlliflə görüşə təşviq etmişdi. Roman haqqında məruzə mənə tapşırılmışdı. Tələbə və müəllimlərin müəlliflə görüşünə 5-6 gün qalmış Bakı Çay fabrikində (indiki Azad qadın heykəlinin yanı) gecə baş verən yanğın ikinci mərtəbədə yerləşən texnikumu da bütün arxivi, kitabxanası və avadanlığı ilə birlikdə külə döndərmişdi. Dərslər Təzə Pir məscidinə yaxın orta məktəbdə, növbəti ildə isə 8-ci km qəsəbəsində davam etdirildiyinə görə görüş baş tutmamışdı. Lakin yanğından əvvəl roman haqqında müəlliflə həmsöhbət olmağımı indi də əziz bir xatirə kimi yaxşı xatırlayıram.
Görüşlərimizin birində o, mənə bir neçə oxucu məktubu göstərmişdi. Ə.Qasımovun əsərinin ideya-məzmun siqlətindən, dilinin şirinliyindən, təsvirlərinin yığcamlığından və s. ədəbi məziyyətlərindən oxucuların sevinc hissi keçirdikləri məktublarda xüsusi vurğulanırdı. Məktublarla ötəri tanışlıq o vaxt məndə belə bir inam hissi yaratmışdı ki, kitabsevərlər Ə.Qasımovun yaradıcılığından, xüsusilə «Adilənin taleyi»ndən çox razı qalmışlar və onu yazıçının yaradıcılığında dönüş nöqtəsi saymışlar. Məktublar sanki dil açıb açıq deyirdi ki, yaxşı kitab yazmaq da, mütaliə həvəskarlarının diqqətini cəlb etmək və məhəbbətini qazanmaq da yazıçının xoşbəxtliyidir. Bu səadət Əlfi Qasımovun da nəsibi olmuşdur. Azərbaycanın ucsuz-bucaqsız bölgələrinə səfərlərim zamanı müşahidələrimdən və eşitdiklərimdən çıxan nəticə də həmin məntiqin təsdiqindən irəli gəlir.
Əlfi Qasımov qələmə aldığı mövzuları həyatdan, ilhamı xalqdan, istedadı Tanrıdan, biliyi və düzgün istiqaməti klassik və müasir ədəbiyyatdan almışdır. Bu baxımdan onun kitabları rəfləri doldurmaq üçün yox, mütaliə aclığı keçirənləri doydurmaq və düşündürmək üçün yazılmışdır.
Tanınmış yazıçı ilə bağlı xatirələrimdən biri də 1974-cü ildə Azərnəşrdə işıq üzü görmüş «M.f.Axundov və kitab mədəniyyəti» adlı kitabımla bağlıdır. Onun əlyazmasını Azərnəşrə çoxdan versəm də, ildən-ilə sürüşdürülüb növbəti ilin tematik planına salınırdı. «Kitab mədəniyyəti» sözü Azərnəşrdə şübhə doğurduğuna görə «Elmi-kütləvi ədəbiyyat» şöbəsinin mənə köməyi əsasən vəd verməkdən ibarət idi. Bir dəfə nəşriyyata gedəndə Əlfi Qasımov, Vilayət Rüstəmzadə, İsmayıl Gözəlov və b. ilə görüşüb kitabımın vəziyyətini soruşanda Ə.Qasımov qarşı tərəfin cavabını gözləmədən problemin həllinə təkan verdi. İ.Gözəlova məsləhət gördü ki, bu gəncin yaxşı qələmi var. Respublikamızda kitab mədəniyyəti haqqında əsər yazan 2-3 müəllifdən biridir…
O danışdıqca yazıçı İ.Gözəlov Moskvada çıxan, SSRİ-də və xaricdə yayımlanan nazik üz qabıqlı aylıq bir jurnalı siyirmədən çıxarıb dedi:
- Burada sənin «M.f.Axundov və kitab mədəniyyəti» mövzusunda yazdığın dissertasiya haqqında SSRİ Ali Attestasiya Komissiyasının əməkdaşı E.N.Kuznetsovanın təqdiredici məqaləsi dərc olunub.
- Xəbərim yoxdur, - dedim.
Sonra həmin jurnalın bir nüsxəsini avtoqrafla Əlfi müəllimə göndərdim.
Ə.Qasımovun yüksək mədəniyyətli, dərin məlumatlı, klassik və müasir ədəbiyyatımızın yaxşı bilicisi olan xanımı Rəhilə Qasımova növbəti dərs günü məni həmişəki adəti üzrə nurlu baxışlarla salamlayıb dedi:
- Kitabın da, avtoqrafın da Əlfinin çox xoşuna gəlib. Dedi ki, ya «Ədəbiyyat və incəsənət» qəzeti, ya da «Kitablar aləmində» jurnalı üçün bir yaxşı məqalə yazacağam. Təşəkkür edib minnətdarılığımı bildirdim: - Çox sağ olsun! O, yaxşı müasirlərinin qədrini biləndir. Dərdi özü çəkən, sevinci dostları ilə böləndir, - deyəndə Rəhilə xanımın “Sən özün də elə adamsan” cavabından necə utandığımı indi də yaxşı xatırlayıram…
Əlfi müəllim işinin çoxluğundan vaxt tapıb nəzərdə tutduğu məqaləni yazmağa macal tapmasa da, aramızdakı səmimiyyəti qoruyub saxlamağa həmişə maraqlı olmuşdur. O, tanımadığı müəlliflərə də az xeyirxahlıq göstərməmişdir. Mənim “Əsrlərin əks-sədası” kitabımla eyni vaxtda Azərnəşrə Həsən bəy Zərdabinin etnoqrafik görüşləri haqqında kitab vermiş tarix elmləri namizədi Esmira Cavadovaya dediyi xoş məramlı sözlər onun saysız yaxşılıqlardan birinin bariz nümunəsidir.
- Kitabınız öyrənilməmiş bir mövzuya həsr olunub. Adını kütləvi oxucuların zövqünə uyğunlaşdırıb “Sətirlərdə döyünən ürək” adlandırsanız daha yaxşı səslənməzmi?
İşıqlı fikrin səmtini tez görən Əlfi müəllimin yazıçı tövsiyəsindən Esmira Cavadovanın gözlərində sevinc qığılcımları parladı.Təşəkkür və minnətdarlıq dolu baxışlarını ona zillədi: - Kitabım üçün bu ad lap tapıntı oldu-dedi.
Kitab həmin adla 1988-ci ildə Azərnəşrdə çap olunanda Əlfi müəllim sağ olsaydı, yəqin ki, müəllifdən heç də az sevinməyəcəkdi.
Qazandığı yazıçı hörmətinə və nəzakətinə görə onun adını ürəklərində böyük hərflə yazmış Əlfisevərlərdən biri kimi, mən də ona ehtiramımı əməyimlə və əməlimlə qorumağa çalışmışam.
Onunla son görüşüm xəstəxanada - 1985-ci il martın 11-də olmuşdu. Ürəyi ona rahatlıq vermirdi. İki çarpayılı otaqda bir neçə dəqiqəlik söhbətdən sonra foyedə gəzib söhbətləşməyi məsləhət gördü. Etiraz edib dedim ki, həkim görüb məni də, sizi də qınayar.
Ə.Qasımov etirazıma etirazla cavab verdi:
- Mən xəstə deyiləm, özümü yaxşı hiss edirəm, - dedi.
Razılaşdım. foyedə gəzdik, söhbətləşdik, dərdləşdik. Təsəlli verib sağollaşıb ayrılanda məni pilləkənə qədər ötürdü. Onun təbəssümlü çöhrəsində, nurlu gözlərində, söhbətində, yerişində xəstəlik əlaməti sezilmirdi. Xəstəxanadan tez çıxacağına, yeni-yeni əsərlər yazacağına ümidi çox idi. Bu inamla bir-birimizə sarıldıq. Öpüşüb ayrıldıq. Son sözləri bu oldu ki, indi gedim yerimdə uzanım. Bir azdan Rəhilə gələcək. Məni ayaq üstə görəndə danışır. Deyəsən küftə bişirib gətirəcək. Yedirtməmiş getməyəcək. Məni özünə arxa, dayaq sayan Rəhilə indi qulluğumda elə dayanır ki, elə bil körpə uşağam, bircə əmziyim çatışmır…
Heç xəyalıma gəlməzdi ki, xəstəxanada da şux zarafatından geri qalmayan yazıçı ilə bu mənim sonuncu görüşüm olacaqmış. Səhər yuxudan duranda sevimli yazıçımızın qəfil ölüm xəbərini eşidib məyus oldum. Məni ovunduran M.f.Axundzadənin təsəlliverici sözləri oldu: - Ömrü mənalı başa vurmaq və sağlığında rəhmət qazanmaq, «öləndən sonra isə tarixdə silinməz iz qoymaq dünyada ən böyük səadətdir».
O, ölmədi. Ədəbi irsini və arxivini həmvətənlərinə miras qoyub səadətə qovuşdu. Quş kimi qanadlanıb əbədi mənzilinə uçdu. Anamız torpaq da sənətkar oğlunu əbədi qucdu…
İmaməddin Zəkiyev