Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Struktur
Əlaqə

Bölmələr
Xəbərlər
Kitabxana haqqında
Yeni kitablar
Dövrü mətbuat
Filiallar
Tədbirlər
İstifadə qaydaları

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Son xəbərlər

Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...



Arxiv

May 2012 (39)
Aprel 2012 (330)
Mart 2012 (195)
Fevral 2012 (166)
Yanvar 2012 (83)
Dekabr 2011 (60)


Sorğu


Yaxşıdır
Pis deyil
Pisdir



Linklər










İNFORMASİYALAŞDIRMA CƏMİYYƏTİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI KİTABXANALARINDA ELEKTRON KATALOQUN YARADILMASININ BƏZİ MƏSƏLƏLƏRİ


İNFORMASİYALAŞDIRMA CƏMİYYƏTİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI KİTABXANALARINDA ELEKTRON KATALOQUN YARADILMASININ BƏZİ MƏSƏLƏLƏRİ


Oruc QULİYEV
AMEA-nın MEK-in dissertantı
Xətai rayon MKS-in direktoru


XXI əsrin informasiya texnologiyalarının xarakterik inkişaf istiqamətləri içərisində müxtəlif növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizə və şəbəkə rejimində uzaq məsafədən istifadəsi vacib yer tutur. Bütün bu istiqamətlər kompleks şəkildə elektron kitabxanaların yaradılmasında və elektron kitabxana-informasiya təminatının təşkilində ifadə olunur. Mövcud ənənəvi kitabxanalar kitabxanalararası abonement, ölkədaxili və beynəlxalq kitab mübadiləsi və bir neçə fərdi xidmət formaları baxımından həmişə açıq şəbəkə sənəd-informasiya sistemi olmuşdur. Elektron kitabxanalar isə müxtəlif sosial qurumlar, o cümlədən ənənəvi kitabxanalar tərəfindən yaradılan və şəbəkə xidməti imkanlarını xeyli dərəcədə genişləndirən superaçıq informasiya sistemləridir. Onlar tarixən mövcud olan şəbəkə kitabxana-informasiya xidmətinin yeni metod, vasitə və texnologiyalar baxımından məntiqi davamıdır.
Müasir dünya elmi ədəbiyyatında <<Elektron kitabxana>> anlayışına sinonim kimi <<virtual kitabxana>>, <<rəqəm kitabxanası >>, <<şəbəkə kitabxanası >>, <<divarsız kitabxana >>, <<hibrid kitabxana >> anlayışları işlədilir. Lakin burada <<hibrid kitabxana >> anlayışı yerinə düşmür. Belə ki, hibrid nəyinsə nəyə calaq edilməsidir. Guya ənənəvi kitabxanalar bir şey, elektron kitabxana isə başqa bir şeydir. Kitabxana işi baxımından ənənəvi kitabxana yalnız informasiya daşıyıcılarına və emal texnologiyalarına görə elektron kitabxanadan fərqlənir və dünyada müstəqil elektron kitabxana yoxdur. O, ənənəvi kitabxananın bəzi vacib, həll edilməsi çətin olan mühafizə və xidmət funksiyalarını genişləndirən bir bölmədir, yəni kitabxana daxilində kitabxanadır. Onları qəti şəkildə ayırıb, hibrid adlandıranların heç bir elmi dəlilləri yoxdur.
Demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən müstəqil Azərbaycan Respublikasında müxtəlif mülkiyyət formaları əsasında yaradılmış özəl iqtisadi sistem inkişaf etdirilir, bazar iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya əsasında təşkil edilir. Ölkənin sosial-iqtisadi həyatında baş verən böyük dəyişikliklər prosesi elm, təhsil və mədəniyyət sahələrinə də dərindən nüfuz edir. Bütün bunlar öz əksini <<Təhsil haqqında >>, <<Mədəniyyət haqqında >>, <<Kitabxana işi haqqında >>, <<Nəşriyyat işi haqqında >>, <<Kütləvi informasiya vasitələri haqqında >> və başqa mühüm qanunlarda öz əksini tapır.
Bu qanunlar müstəqil Azərbaycan dövləti qarşısında bir çox mühüm vəzifələr qoyur. Bu vəzifələri həll etmək və onları müvəffəqiyyətlə başa çatdırmaq uğrunda böyük işlərin görülməsi uğurla davam etdirilir. Dünya dövlətləri ilə təhsil, elm və mədəniyyət sahəsində geniş əlaqələr yaranmağa başlanmışdır. Azərbaycanın bir çox istedadlı gəncləri xarici ölkələrin ali məktəblərində təhsil alır, elm ocaqlarında yaradıcılıq işləri aparır. Bəşəri bilikləri, qabaqcıl təcrübələri öyrənirlər. İnformasiya vasitələrindən- kitablardan, dövri mətbuatdan, kitabxanalardan və s. istifadə etməyə böyük ehtiyac yaranmışdır. Bu vəzifələrin yerinə yetirilməsində, həmişə olduğu kimi, yenə də kitabxanaların soraq-biblioqrafik aparatı mühüm rol oynayır.
Bazar iqtisadiyyatı şəraitində həyata keçirilən mühüm islahatlar nəticəsində kitabxanaların işinin yaxşılaşdırılması, kitab fondunun zənginləşdirilməsi, müasir dövrün tələblərinə cavab verən soraq-biblioqrafik aparatın, xüsusilə dünya İnternet sisteminə qoşulmaqla elektron kataloqlardan istifadənin reallaşması, inkişaf etmiş ölkələrin kitabxanaları ilə əlaqələrin yaradılması, onların kitab fondlarından oxucuların istifadəsi və sorğularının təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq mütəxəssis oxuculara kitabxana xidmətinin yeni tələblərə uyğun təşkilinə, kitabxana işinin avtomatlaşdırılmasına, elektron kataloqlarının yaradılmasına böyük ehtiyac yaranmışdı.
Kitabxana xidmətinin səmərəliyinin artması, onun təkminləşdirilməsi kitabxana işi proseslərinin təşkilində elmi yeniliklərdən və dünyanın qabaqcıl təcrübələrindən yaradıcılıqla istifadəni tələb edir. Çünki mənəvi xidmət üsullarının çoxu artıq bugünkü oxucuların tələbini ödəmir. Ona görə də müasir dövrdə kitabxanaların avtomatlaşdırılması, elektron kataloqların yaradılması, ümumiyyətlə, kataloqlaşdırma problemləri bütün dünya mütəxəssislərinin diqqət mərkəzinə çevrilmişdir. Belə ki, kömputer texnologiyasının inkişafı şəraitində informasiya mübadiləsinin həll edilməsi bilavasitə onlardan asılıdır. Bu problem hələ 1999-cu ilin aprel ayında keçirilmiş “Beynəlxalq və milli kataloqlaşdırma: bu gün və gələcəkdə” adlı beynəlxalq konfransda geniş müzakirə edilmişdir(4,s.10).
Müasir dövrdə “elektron kitabxana” anlayışının müxtəlif tərəfləri bir-birindən əsaslı şəkildə fərqlənmir. Məsələn, elektron informasiyalar sahəsində dünyada məşhur mütəxəssis, prof. V.Arms elektron kitabxanaya belə bir tərif vermişdir (1,s.10.): “Elektron kitabxana əlaqədar servisi olan, rəqəm formasında mühafizə edilən, informasiyanın sistemləşdirilmiş və idarəedilən kolleksiyasıdır”. Müəllifin fikrinə görə, bu tərifdə “idarəedilən” sözü əsas anlayışdır; belə ki, məlumatın süni peykdən axını hələ elektron kitabxanadan verilən informasiya deyil; həmin məlumatların müəyyən sistemdə təşkili və idarə edilməsi artıq elektron kitabxanadır; elektron kitabxana çoxlu istifadəçilərin müraciəti üçün müəyyən sistemə, idarəetmə strukturuna və informasiya kolleksiyasına malik olan kitabxanadır.
Digər bir Amerika mütəxəssisi Devid Rayt elektron kitabxananı “rəqəm kitabxanası” adlandırır və ona belə bir tərif verir: “Rəqəm kitabxanaları geniş istifadəçi qruplarının asan və əlverişli istifadəsini təmin etmək məqsədilə sənədlərin seçilməsini, emalını, onlara intellektual müraciəti, sənədlərin interpretasiyasını, şəbəkədə paylanmasını, həmçinin informasiyanın tamlığını və mühafizəsini təmin edən qurumlar və onların peşəkar mütəxəssisləri tərəfindən yaradılan fondlardır”.
Göründüyü kimi, konseptual baxımdan hər iki tərif arasında prinsipial fərqlər azdır. Eyni zamanda hər iki tərifdə ənənəvi kitabxanalar üçün xarakterik olan funksiyalar (sənədlər emalı, sistemləşdirilməsi, mühafizəsi, axtarış və s.) öz əksini tapmışdır. Burada yalnız metod, üsul və texnologiyalar fərqləndirilə bilər. Sosial və informasiya funksiyaları hər iki kitabxana üçün eynidir.
“Elektron kitabxana” anlayışında “kitabxana” sözü ənənəvi baxımdan şərti məna daşıyır. Belə ki, elektron kitabxanalar nəşriyyatlar, arxivlər, elmi-tədqiqat idarələri, iri biznes qurumlar və əlbəttə mövcud (ənənəvi) kitabxanalar tərəfindən yaradılır (1, s.11). Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq onların ümumi cəhətləri aşağıdakılardır:
1) Elektron kitabxanalar korporativ, milli, transmilli və qlobal şəbəkələr üçün mövcud olan aparat və proqram vasitələrinə, mübadilə protokollarına malikdir;
2) Sənədlər strukturlaşmış formaya və axtarış proseduralarına malik olur;
3) Əlaqədar təşkilatın serverində yerləşdirilir və şəbəkə ilə uzaq məsafədən istifadə olunur;
4) Web texnologiyalar əsasında və onlayn rejimində fəaliyyət göstərirlər.
Hazırda coğrafi əhatəsi etibarilə kontinental (məs: ümumavropa), milli (ölkə) və yerli (korporativ) elektron kitabxanalar mövcuddur. Bundan başqa, predmet sahələri məs: (humanitar və texniki elmlər), nəşr tipləri (məs: dövri nəşrlər, nadir kitablar, təsvirlər və s.) və problem istiqamətləri (məs: intellektual mülkiyyət, rəqəm texnologiyaları) üzrə elektron kitabxana layihələri və real fəaliyyət göstərən elektron kitabxanalar vardır (3)
Elektron kitabxanaların yaradılmasının bir neçə obyektiv səbəbi vardır:
1) İstifadəçi müəyyən kitabxanaya gəlmədən, istənilən coğrafi ərazidə yerləşməsindən
asılı olmayaraq həmin kitabxananın elektron resurslarından birbaşa istifadə edə bilər;
2)Çap əsərlərini istənilən yerdə (evdə, çöldə, nəqliyyatda gedərkən və s.) oxumaq daha əlverişli və rahatdır. Lakin onların geniş coğrafi məkanda axtarışı və tapılması və əldə edilməsi xeyli vaxt tələb edir və oxumaq üçün almaq müəyyən kitabxanada qəbul edilmiş xidmət qaydaları ilə bağlıdır. Məsələn, kitabxanaya oxucu kimi üzv olmadan kitab verilmir, yaxud müəyyən müəssisə və ya idarənin kitabxanasından kənar şəxslərin abonement yolu ilə kitab alması çətindir; dövri nəşrlər və təknüsxəli digər növ nəşrlər ümumiyyətlə, evdə istifadə üçün verilmir və s. Son illər elektron kitabxanaları və digər növ elektron nəşrləri evdə oxumaq üçün kiçik, çəkicə yüngül portativ (cib) aparatlar və onların xüsusi proqram vasitələri hazırlanmışdır. Bunlardan Peanut Reader, Soft Book Reader, Netlibrary və digər səyyari oxu vasitələrini göstərmək olar(4);
3) Ən qiymətli və nadir nüsxəli ədəbiyyatı istifadə etmək üçün onları müəyyən ölkədə mühafizə edən kitabxanaya getmək, ya da mümkün hallarda onun foto və ya kserosurətini almaq lazım gəlir. Elektron kitabxana olduqda isə bütün bunlara ethiyac qalmır. Çünki mövcud kitabxanaların elektron resursları (elektron kitabxanaları) ilk növbədə həmin ədəbiyyatı mühafizə edir;
4) Elektron kitabxanalar heç vaxt bağlı olmur. Bu yaxınlarda Britaniya Universitetində aparılmış tətqiqatlar göstərmişdir ki, həmin universitetin elektron kitabxanasına müraciət edənlərin 49-50%-i kitabxananın bağlı olduğu müddətdə, iş vaxtından sonra müraciət edən oxuculardır (1,s.14.). Ənənəvi kitabxanalardan fərqli olaraq uzaqlaşdırılmış (elektron ) kitabsaxlayıcıda digər oxucuda istifadədə olduğu üçün “əldədir”, yaxud fiziki cəhətdən köhnəldiyi üçün “istifadə üçün yarasızdır” cavabı verilən, kataloqda, polkada öz həqiqi yerinə qoyulmadığı üçün tapılıb oxucuya verilə bilməyən, sadəcə olaraq, oğurlanan sənəd ola bilməz.
Dünyanın hər hansı kitabxanasından müəyyən sənəd yerli kitabxanadakı kimi asanlıqla tapılıb istifadə edilə bilər. Şübhəsiz, deyilən üstünlüklər o demək deyil ki, elektron kitabxana ənənəvi kitabxanadan daha etibarlıdır. Elektron kitabxanada kompüter sisteminin işi dayana bilər, şəbəkədə rabitə xətti ləng və etibarsız işləyə bilər, virus təsiri ola bilər və s. Lakin ənənəvi kitabxanalarla müqayisədə elektron kitabxana yerləşdiyi coğrafi məkandan asılı olmayaraq istənilən istifadəçi üçün bütün sutka ərzində operativ və açıqdır. Çünki elektron sənədlər mühafizə olunduğu serverlər (kompüterlər) fasiləsiz işləyir. Bu proses qlobal şəbəkənin bütün provayderləri və qovşaqları üçün də xarakterik haldır;
5) Çap əsərlərinin, ümumiyyətlə, onların mühafizə edildiyi kitabxanaların nə özləri, nə də sosial-informasiya funksiyaları elektron kitabxanalardan asılı olmayaraq heç vaxt dəyişməyəcəkdir. İnformasiya daşıyıcıları kimi gil lövlələr, papirusla, sonuncu perqaentlə, perqament kağızla, kağız isə qismən mikroformalarla əvəz edilmişdir. Elektron informasiya vasitələri isə çap əsərlərilə paralel şəkildə inkişaf edir. Onlar hazırda ümumi sənəd informasiya məhsulunun təqribən 20%-ni təşkil edir; 2000-ci ildə dünyada 315mln. ton kağız sərf edilmişdir. OCLC kataloqunda 43 milyon adda sənədin biblioqrafik məlumatları vardır. Əgər onların hər birini orta hesabla 300 səhifə hesab etsək 13 milyard çap səhifəsi alınar (4,s.70.).
Bütün bunlar göstəriri ki, indi biz sadə deyil, çox mürəkkəb, çətin və eyni zamanda şərəfli və qüdrətli peşə adamlayırıq. Lazımi resurs olmadan heç bir istehsal və tədavül mümkün deyil. Zəngin informasiya resursları ancaq kitabxanalardadır. Deməli, informasiya bazasının əksər komponentlərinə sahiblik hüququ da kitabxanalardadır. Kitabxanalar yeni, yüksək texnologiyalarla, metod və vasitələrlə daha yaxşı silahlanmalıdır. Bu istiqamətdə elektron kitabxanaların rolu və əhəmiyyəti böyükdür.
Elektron kitabxanalar haqqında elmi fikirlər son illər yaranmışdır. Hələ XX əsrin 50-ci illərində V. Buş “Biz necə düşünürük” məqaləsində, dünyada ilk dəfə açıq şəbəkə ideyasının müəllifi olan Y. Liklayder “Gələcəkdə kitabxanalar” kitabında elektron kitabxanaların ümumi konturlarını müəyyən etmişdir. 80-ci illərin əvvəllərindən informasiya texnologiyalarının keyfiyyətcə yeni mərhələyə keçməsi (CD-ROM, fərdi kompüterlər, internet və s) ilə əlaqədar olaraq elektron kitabxanaların yaradılması problemləri yenidən aktuallıq kəsb etmişdir. Həmin illərdən başlayaraq elektron kitabxanaların yaradılması və təcrübi olaraq reallaşdırılması üçün milli və transmilli proqram layihələr işlənmiş, təqribən 90-cı illərin əvvəllərindən həmin kitabxanalar fəaliyyət göstərməyə başlamışdır. Onların miqdarı və resursları sürətlə artır.
Rusiyada elektron kitabxanaların yaradılması istiqamətində bir neçə milli və regional layihə və proqram işlənmiş və onların bəziləri təcrübədə reallaşdırılmışdır. Bunlardan Rusiya Dövlət məqsədli elmi-texniki proqramı, elm və təhsil sahəsində “Ali məktəblər və elmlər üçün milli kompüter telekommunikasiya şəbəkəsinin yaradılması”, Rusiya elektron kitabaxanaları, Rusiya Mədəniyyət Nazirliyinin “Rusiya mədəniyyəti (2001-2005) federal proqramın “elektron kitabxanalar” altproqramını misal göstərmək olar. Hazırda “Rusiya elektron kitabxanaları” qlobal dövlət proqramı reallaşdırılmağa başlamışdır. Bu proqramda 11 nazirlik, “Soros” fondu, Elm və Texnika üzrə Federal İnformasiya Fondu iştirak edir. Məsələn, “Soros” fondunun vəsaiti hesabına 14 min adda elmi-texniki jurnalın elektron variantı hazırlanmışdır. Ümumiyyətlə, ilk mərhələdə Rusiyada 80 milyon adda sənəddən ibarət olan milli baza elektron kitabxanası yaradılacaqdır. 2010-cu ildə proqramın ikinci mərhələsi başa çatmalıdır. Bu mərhələ qlobal parametrlərə malikdir (məsələn, ölkənin bütün inzibati-ərazi bölgüsündə, o cümlədən 1500-dən çox MKS-də fəal istifadə olunan sənəd massivləri əsasında elektron kitabxanalar şəbəkəsinin yaradılması, xarici ölkələrin (böyük yeddilərin) elekton kitabxanaları ilə informasiya mübadiləsi, Rusiya milli elektron depozitariyasının və şəbəkə elektron kataloqunun yaradılması, milli informasiya məkanında sənədin elektron göndərişi və s.).
Elektron kitabxanaların yaradılmasına dair transmilli proqramı və layihələr də işlənmişdir. Bunlardan Avropa Komissiyasına üzv olan böyük yeddilərin, o cümlədən Rusiyanın da iştirak etdiyi “Biblioteka universalis”, “Avropa İttifaqının “Kitabxanalar üçün telematika”, “CANDEL” (Avropa elektron kitabxanalaranın nəzarətli müraciət şəbəkəsi), “DECOMATE” (Avropada elektron kitabxanalarının nəzarətli müraciət şəbəkəsi), “DIEPER” (Avropa elektron dövri nəşrləri), Miracle (Korlar üçün müsiqi kataloqu) və bir neçə digərlərini göstərmək olar. Sonuncu deyilən layihə Avropada korlar üçün multimedia elektron kitabxana mərkəzinin yaradılmasını və Brayl şriftinin rəqəm formasında müsiqi əsərlərinin onlayn rejimində istifadəsini nəzərdə tutur. Bu layihənin koordinasiya mərkəzi korlar üçün Hollandiya Milli Kitabxansıdır. Layihədə Böyük Britaniya, İtaliya, İsveçrə və İspaniya iştirak edir. 2003-cü ildən bu layihə reallaşdırılmışdır.
Elektron kitabxanaların yaradılması mürəkkəb elmi və texniki problemdir. O, böyük maliyyə vəsaiti və yüksək kadrların olmasını tələb edir. Ənənəvi kitabxanalar kimi və onların bir altsistemi funksiyasında o da müntəzəm inkişaf edir. Onun yaradılmasının və istifadəsinin xeyli təşkilati, texniki, texnoloji və normativ-hüquqi problemləri vardır.
Məlum olduğu kimi, kataloqlaşdırma qaydaları bütün ölkələrdə əsas normativ sənəd hesab olunur və biblioqrafik qeydlərin formalaşmasının mühüm tərkib hissəsini təşkil edir. Hazırda MDB ölkələrində mürəkkəb vəziyyət yaranmışdır: onlar da müstəqil milli kataloqlaşdırma qaydaları olmadığına görə iki seçim prinsipi qarşısında qalmışlar. Belə ki, onlar da kataloqlaşdırmada başladıqları Rusiya qaydalarını davam etdirməlidirlər, ya da ingilis-Amerika qaydalarını qəbul etməlidirlər. Bu eynilə respublikamızın kitabxanalarına da aiddir.
Müasir dövrdə elektron kataloqlarının təşkil edilməsi olduqca aktuallıq təşkil edir. Bu sahədə elektron kataloqları informasiya sisteminin növ müxtəlifliyindən biri kmi kitabxanalararası avtomatlaşdırılmış əlaqələrin yaradılmasında və istifadə edilməsində mühüm rol oynayır. Belə ki, elektron kataloqlarının İnternetdə tətbiq edilməsi təkcə tələbatçı biblioqrafik informasiyanı istənilən vaxtda, istənilən yerdən almaqla kifayətlənmir, eyni zamanda müxtəlif kitabxanalarda mövcud olan külli miqdarda qiymətli nəşrlərlə tanış olur.
Müsair dövrdə kitabxanalar bəşəriyyətin mədəni, elmi irsinin qoruyucusu, ən əsası dünya informasiya məkanı ilə birbaşa əlaqə yarada biləcək mərkəz olmağa doğru gedir (1-3). Yeni tipli cəmiyyət olan informasiyalaşdırılmış vətəndaş cəmiyyəti gələcək kitabxanaları yalnız müxtəlif növ çap məhsulların saxlayıcısı kimi yox, həm də avtomatlaşdırılmış xidmət komponentlərini özündə cəmləşdirməklə oxuculara lokal və On line (uzaq məsafədən) rejimdə xidmət göstərə bilən informasiya müəssisəsi kimi görmək istəyir(2-3). Bu tələbə cavab vermək və dünya informasiya bazarında mövcud rəqabətlə ayaqlaşmaq üçün isə kitabxanalar öz iş prinsiplərində dəyişikliklər etməli, müasir dövrün yeniliklərini öyrənməli və fəaliyyətlərində tətbiq etməlidirlər. Bu yenilik və nailiyyətlərin kitabxanalara tətbiqi oxuculara kitabxana-informasiya xidmətinin səviyyəsinin yüksəldilməsini, onlara operativ, dolğun informasiya xidmətinin həyata keçirilməsinin təmin etməlidir. Oxucu sorğularının tam və dolğun ödənilməsi üçün kitabxanalar ənənəvi fondla bərabər, müasir dövrün tələblərinə cavab verəcək zəngin audiovizual fonda və elektron kataloq sisteminə malik olmalıdır.
Məlumdur ki, kitabxana kataloqu hər bir kitabxananın ədəbiyyat fondunun məzmununu açır və oxuculara xidmət prosesində bələdçilik edir. Oxuculara xidmət və kitabxananın digər bütün fəaliyyəti məhz onun üzərində qurulur. Müasir dövrdə informasiyanın sürətlə artması və köhnəlməsi oxuculara operativ və coğrafi uzaqlıqdan asılı olmayaraq xidmət göstərilməsini diqtə etdiyindən ənənəvi kitabxana kataloqlarını bu gün elektron kataloqları əvəz edir.
Elektron kataloq oxuculara şəbəkə vasitəsilə kitabxananın ədəbiyyat fondunun tərkibi ilə tanış olmağa, öz sorğularına operativ və kitabxanaçı biblioqrafın köməkliyi olmadan uzaq məsafədən cavab almağa, ədəbiyyatı uzaq məsafədən sifariş verməyi təmin edir. Kitabxanalar üçün isə elektron kataloq kitabxana fondunun real uçotunu, oxucuların statistikasını, maraq dairəsinin müəyyən edilməsini, kitabın hərəkətinin izlənilməsini (yəni ədəbiyyatın kimdə olması, nə zaman qaytarılması, hansı müddətə götürülməsi və s.) ədəbiyyat fondunun oxucu sorğusuna uyğun komplektləşdirilməsini və yeniləşdirilməsini, oxuculara müasir səviyyədə On line olaraq xidməti təşkil etməyə imkan verir (oxuculara və kitabxanalara elektron göndərmə, metodik rəhbərlik və s.).
İnformasiyalaşdırılmış cəmiyyətin əsas atributu olan qloballaşma aydın məsələdir ki, kitabxanalardan da yan keçə bilməz. Yəni kitabxanalar yanlız konsorsium və ya digər kitabxanalarla yaradıcı əlaqəlar qurmaqla müasir tələblərə uyğun öz funksiyalarını yerinə yetirə bilərlər. Qarşılıqlı əlaqələr, qarşılıqlı maraqlar isə elekton-informasiya mübadiləsi əsasında qurulur. Elektron informasiya mübadiləsi isə yalnız kataloq vasitəsilə həyata keçə bilər.
Elektron kataloq həmçinin kataloqlaşdırıcı və biblioqraf əməyini avtomatlaşdırmaqla kitabxananın kadr və maliyyə ehtiyatlarından səmərəli istifadəsini təmin edir. Bu isə keçid dövrünü yaşayan Azərbaycan kitabxanaları üçün önəmli amillərdən biridir. Digər tərəfdən elektron kataloq kitabxanaçı kadrlardan müasir kitabxana- informasiya texnologiyalarını bilməyi tələb etdiyindən, kitabxanaçıların intellektual səviyyələrinin yüksəldilməsi üçün stimul yaradır.
Elektron kataloqunun ənənəvi kitabxana kataloqundan əsas üstünlüklərindən biri oxucu sorğusunun daha dolğun yerinə yetirilməsidir. Belə ki, elektron kataloq Avtoritet yazılardan istifadəni təmin edir. ədəbiyyatın təsviri daha geniş biblioqrafik ünsürlər əsasında aparıla bilir. Bu gün rəqəmli texnologiyanın inkişafı kağız üzərindəki informasiyanın elektron formaya çevrilməsinə imkan verdiyindən elektron kataloqdan istifadə edən oxucu On line olaraq öz tələbatına uyğun ədəbiyyatın kitabxanada olması haqqında biblioqrafik məlumat almaqla yanaşı, onun elektron versiyasını da əldə edə bilər.
Elektron kataloq kitabxananın fondu haqqında biblioqrafik informasiyanı ənənəvi kataloqdan fərqli olaraq daha etibarlı qorunmasını təmin edir. Belə ki, ənənəvi kataloqdan fərqli olaraq kataloq kartoçkalarının məhv olması ilə həmin ədəbiyyat haqqında informasiya itirilmiş olur. İtirilmiş informasiyanın bərpası üçün onun aşkar edilməsindən asılı olaraq əlavə vaxt və maliyyə resursları tələb olunur. Xüsusuilə çoxmilyonlu fonda malik olan kitabxanalarda bu proses çox çətindir. Elektron kataloqda informasiyanın müntəzəm surətdə ehtiyat sürətinin saxlanılması, elektron biblioqrafik informasiya bazasının, yüksək texniki göstəricilərə malik kömputerlərdə- serverlərdə saxlanılması, informasiyadan istifadənin “imtiyazlı hüquq” rejimi və elektron kataloqun texniki təminatına müntəzəm göstərilən diaqnostik və profilaktik tədbirlər informasiyanın təhlükəsizlik problemini həll edir. Elektron kataloqun tətbiqi kitabxana fondunun real uçotuna nail olmağı mümkün etdiyindən, həmçinin “intizamsız” oxuculara (ədəbiyyatı vaxtında qaytarmayan, onu itirən, xəsarət yetirən və s.) effektiv mübarizə aparmağa da imkan yaradır. Bunun nəticəsində isə digər oxucuların ədəbiyyatdan istifadə hüquqları müdafiə edilmiş olur.
Elektron kataloqun təşkili bu gün bütün dünyada tətbiq olunan və müasir kitabxana-informasiya texnologiyasının əsasını təşkil edən UNIMARC (1) formatı əsasında həyata keçirilir. Maşınla oxunan UNIMARC formatı biblioqrafik yazıların kodlaşmış formada hazırlanmsını təmin edir. Bu isə elektron kataloqun əsas funksiyasının yerinə yetirilməsində, oxucu sorğusunun işlənilməsi nəticəsində bir qiymətli nəticələrin əldə edilməsini təmin edir. Kodlaşmış informasiya həmçinin informasiyanın daxil olması zamanı baş verə biləcək orfoqrafik səhvlərin aradan qaldırılmasına imkan verir. Bunun nəticəsində isə oxucu sorğusunun yerinə yetirilmə imkanını qat-qat artırır.
UNIMARC formatının tətbiqinin ən mühüm əhəmiyyəti hər bir kitabxananın elektron kataloqunun ümumdünya biblioqrafik kitabxana-informasiya məkanına inteqrasiyasına təmin olunmasıdır. Bunun nəticəsində kitabxana heç bir məhdudiyyət olmadan biblioqrafik informasiya mübadiləsi edə bilər. Düzgün menecment siyasəti aparılarsa elmi kitabxana əlavə və böyük miqdarda maliyyə gəliri əldə edə bilər.
UNIMARC formatı daha geniş təsvir ünsürlərinə malik olduğundan elektron kataloq istifadəçilərə ənənəvi kataloqdan fərqli olaraq daha geniş axtarış imkanları verir. Bunun nəticəsində oxucu sorğusu operativ və dəqiq yerinə yetirilir. Bununla da yeni xidmət üsulları formalaşır ki, bu da kitabxananın imicini artırmaqla onun oxucu kontengentinin və oxucuların davamiyyətinin yüksəlməsinə səbəb olur.
Elektron kataloqun informasiya bazası Avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə Sistemi vasitəsilə (məs. BDU-da MARC SQL 1.5 (4)) kataloqlaşdırıcı avtomatlaşdırılmış işçi yerində yaradılmalıdır. İnformasiya bazası xüsusi kitabxana üçün ayrılmış serverlərdə yerləşməlidir. İnformasiyanın təhlükəsizliyi üçün isə müntəzəm olaraq aşağıdakı tədbirlər görülməlidir:
- kənar şəxslərin icazaəsiz informasiyadan istifadəsi;
- virusa qarşı mübarizə;
- güzgülü inikas prinsipi ilə avtomatik ehtiyat surətinin alınması və s.
Ümumiyyətlə, elektron kataloq klient-server axitekturası əsasında fəaliyyət göstərməlidir. İnformasiyanın daxil olunması və redaktəsi, oxucu sorğusunun formalaşması klient kömputerdə-müfaviq avtomatlaşmış işçi yerlərində həyata keçirilir. Elektron kataloqun yaradılmasında ənənəvi proqramlaşdırma vasitələri ilə yanaşı müasir Web texnologiyasından istifadə olunmalıdır. Belə ki, oxucuların sorğusunun formalaşması Web sayt (5) vasitəsilə təmin olunmalıdır. Həmin sorğunun Strukturlaşmış Sorğu Dilinə (SQL) çevrilərək serverə ötürülməsi və elektron kataloqun biblioqrafik informasiya bazasından axtarış aparılaraq nəticənin yenidən oxucuya çatdırılması CGI texnologiyası ilə yerinə yetirilir. İnformasiya axtarışı informasiya bazası yaradarkən avtomatik yaradılan indeksləşmiş xüsusi lüğətlər ( müəllif, sərlövhə, predmet, açar sözlər və s.) əsasında aparılır. Nəticədə digər sistemlərdən fərqli olaraq informasiya axtarışına sərf olunan vaxt minimuma endirilir. CGI texnologiyasının digər Web texnologiyalarından üstünlüyü ondan ibarətdir ki, istifadəçilər üçün informasiyanın axtarış alqoritmi məxfi qalır. Bunun nəticəsində digər qeyri-leqal müəssisələrdə sistemdən istifadə qeyri-mümkün olur. Digər tərəfdən oxuculara və istifadəçilərə informasiya yalnız baxış üçün təqdim olunduğuna görə informasiyanın dəyişilmə ehtimalı sıfıra bərabər olur.
Bu prinsiplər əsasında Azərbaycanda ilk dəfə olaraq elektron kataloqun yaradılması Bakı Dövlət Universitetində Əməkdar elm xadimi, tarix elmlər doktoru, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akedemiyasının akademiki, professor A. Xələfovun rəhbərliyi ilə “ Kitabxanaların kompüterləşdirilməsi” elmi tədqiqat laboratoriyasında həyata keçirilmişdir. Laboratiriyanın əməkdaşları qısa müddət ərzində dövri mətbuat, xarici, rus və Azərbaycan dilində olan ədəbiyyat fondunun, nadir kitablar və dissertasiya fondunun elektron bazasının yaradılması işinə başlamışdılar.
Hazırda BDU-nun Elmi Kitabxanasında elektron bazanın yaradılması prosesi davam edir. Ümidvarıq ki, bu proses yaxın gələcəkdə başa çatacaq və BDU-nun Elmi Kitabxanası bir çox ölkələrin kitabxanaları ilə müqayisə ediləcək dərəcədə inkişaf edəcəkdədir. Bu təcrübədən Azərbaycanın digər kitabxanalarının da yararlanması məqsədəuyğun olar.
Dünya praktikasında elektron kataloqların bir sıra inkişaf ənənələri nəzərə alınmışdır: bura müxtəlif axtarış növlərinin çoxalması, indeksli fayllardan (bütün yazıların indeksləşdirilməsi), qeyri-məhdud miqdarda istifadə edilməsi, qeydləri əhatə edən normativ faylların və bu sahədə beynəlxalq əlaqələrin formalaşması, ənənəvi kataloqların maşınla oxunan formaya çevrilməsi, praktiki olaraq bütün kataloqların internetə verilməsi və ondan müxtəlif şəbəkələrdə axtarışı və istifadə edilməsi daxildir. Elektron kataloqlarında sənədlər haqqında məlumatın toplanması hər hansı sənədə dair lazımi informasiyanın tələb olunan şəkildə tələbatçıya çatdırılması təmin edilir.
Məlumatlar aşağdakı şəkildə əks etdirilir:
Müəllif (o cümlədən müştərək müəllif, kollektiv müəllif, tərtib edən və s.);
Sərlövhə (o cümlədən oxşar sərlövhə, seriyanın sərlövhəsi, digər sərlövhə, açar
sərlövhə, xüsusi sərlövhə, ümumi sərlövhə və s.);
Açar sözü (açaq sözü imkan verir ki, kitabxana fondunda mövcud olan informasiya
ehtiyatlarının axtarışını maksimum dərəcədə təmin etsin);
Predmet rubrikaları;
Təsnifləşdirmə indeksi;
Nəşr yeri, nəşriyyat və nəşr tarixi;
Sənədin saxlanma yerinə görə;
Kitabın Beynəlxalq Standart Nömrəsi (ISBN);
Seriyalı Nəşrlərin Beynəlxalq Standart Nömrəsi (ISSN).
Elektron kataloqlar dünya kitabxanalarının internet vasitəsilə yayılan əsas informasiya mənbəyidir. Elektron kataloq olmadan kitabxanada kompüter əsasında tətbiq edilən bütün işlərin xarakteri dar məna daşıyıcısıdır. Elektron kataloqa malik olan kitabxana öz fondunu daha geniş şəkildə əks etdirə bilər, geniş oxucu-tələbatçıların nəzərinə çatdıra bilər, bütünlükdə kitabxana sisteminin ümumi səviyyəsinə və keyfiyyətinə fəal təsir göstərə bilər. Onu da qeyd etmək yerinə düşər ki, elektron kataloqları dünya miqyasında təkcə bir kitabxana daxilində axtarışı məhdudlaşdırmır. Oxucu-tələbatçı eyni zamanda ona lazım olan informasiyanın axtarışını digər kitabxanalarla əlaqəli şəkildə apara bilər, istədiyi materialı əldə edər, mütailə dolğunluğu yaradar. Buna görə də respublikamızda elektron kataloqlarnın yaradılmasına mühüm ehtiyac duyulur. Daha doğrusu, ənənəvi kataloqlarla yanaşı elektron kataloqlarının təşkil edilməli, onun vahid sistemi yaradılmalı, formalaşdırılmalı, bütün ərazi, hətta bütünlükdə ölkə kitabxanalarının fondlarını əhatə etməli və onları internetə təqdim etməlidir. Burada toplu elektron kataloqlarının təşkili xüsusi rol oynayır. Toplu elektron kataloqları dedikdə konkret region, rayon, şəhər, respublika miqyasında külli miqdarda sənədləri özündə əks etdirən ən zəngin sorğu, axtarış, informasiya mənbələri nəzərə alınır. Toplu elektron kataloqların müasir texniki təminatını nəzərə alaraq onlar yüksək operativlik xarakteri daşıyır və kitabxananın ən başlıca vəzifələrindən biri olan xidmət işini səmərəliləşdirir, kitabxana fondundan operativ istifadəni təmin edir. Məhz buna görə də toplu elektron kataloqlarının respublikamızın kitabxanalarında yaradılması ən mühüm vəzifələrdən birini təşkil edir. Toplu elektron kataloqlarının kooperasiya şəkildə yaradılması və onun istifadə edilməsi ilə ölkəmizdə kitabxanalararası xidmətin imkanlarının artırmasında mühüm rol oynayardı, vahid informasiya miqyasını formalaşdırardı.
Ümumiyyətlə, toplu elektron kataloqlarının yaradılması həmçinin müasir cəmiyyətin bütünlükdə və onun ayrı-ayrı üzvlərinin informasiya tələbatının, effektiv təminatının maksimum ödənilməsi üçün mühüm şərait yaradır. Toplu elektron kataloqları vasitəsilə oxucu-tələbatçı hər bir kitabxanadan ona lazım olan ədəbiyyat haqqında məlumatı əldə edə bilər. Bundan başqa, toplu elektron kataloqlarından sənədlərin əlaqəli şəkildə tipli kataloqlaşdırılmasında, fondların qarşılıqlı komplektləşdirilməsində, konkret kitabxananın tematik istiqamətinin qiymətləndirilməsində, xarici nəşlərin təkrar əldə edilməsinin aradan qaldırılmasında istifadə edilir.
Vahid (respublika üzrə) toplu elektron kataloqlarının yaradılması sistemi və yığcam optik disklərin təşkili regionda kitabxana fondlarını tam özündə əks etdirəcəkdir. Toplu elektron kataloq sistemi kitabxananın xidmət sahəsində, həmçinin məlumat-biblioqrafiya işində mühüm rol oynayır, ölkə daxilində və xarici ölkələrdə mövcud olan ən lazımlı ədəbiyyatı oxucu-tələbatçılara çatdırmağa əsas təsir göstərir.
Dünyanın görkəmli kitabxanaşünasları belə qərara gəlmişlər ki, region (milli) retrospektiv toplu kataloqların (xüsusi nadir kitablar, əlyazmaları, dövri və nəşri davam edən materiallar) yaradılması təkcə informasiya ehtiyatlarının istifadəetmə miqyasını genişləndirmək məqsədi daşımır, həmçinin ədəbiyyatın təminatı ilə onun tələbatçısı arasında baş verən nöqsanları aradan qaldırır. Lakin xarici mütəxəssislər belə hesab edirlər ki, toplu retrospektiv elekton kataloqlarının yaradılması çox mürəkkəb, zəhmət tələb edən ağır işdir. Təcrübə göstərir ki, kataloqlaşdırmanı düzgün dərk etmək və mənimsəmək, ənənəvi kataloqların elektron kataloqlarına uyğunlaşdırılmasını təmin etmək bilavasitə toplu elektron kataloqlarının formalaşmasının əsasını təşkil edir. Hər bir kitabxanada yüksək keyfiyyətli retrospektiv elektron kataloqlarının yaradılması bilavasitə gələcəkdə toplu elektron kataloqlarının kütləvi təşkili üçün mühüm şərait yaradar. Bu cəhəti nəzərə almadan toplu elektron kataloqlarının formalaşması haqqında müsbət fikir söyləmək olmaz.
Respublikamızda gələcəkdə toplu elektron kataloqların təşkili və istifadə edilməsi kitabxana xidmətinin müvəffəqiyyətlə həyata keçirilməsinə mühüm imkan yaradacaqdır. Lakin ənənəvi kataloqların elektron kataloqlarına keçirilməsi səmərəliliyini bilavasitə digər kitabxanalarla əlaqələndirmədən, mərkəzi kataloqlaşdırma tərəfindən metodiki rəhbərliyi təmin etmədən mümkün deyildir.
Kitabxanalarda yeni kompüter texnologiyasının və maşınla oxunan informasiyanın meydana gəlməsi müasir dövrün ən güclü çağırışına çevrilmiş, bu da kitabxanaçılar qarşısında ciddi vəzifələr qoymuşdur. Hazırda dünya kitabxanaçıları çalışırlar ki, mühəndislərlə daha sıx əlaqə yaratsınlar, qarşıda duran məsələləri dəqiq həll edə bilsinlər. Yəni kitabxanaçılar profesional biliklərini mükəmməl bilməklə yanaşı yeni texniki vasitələrlə də işləmək bacarığına yiyələnməlidirlər.
Elektron ehtiyatlarının kataloqlaşdırma məsələlərinə yanaşma problemi göstərir ki, ənənəvi kataloqlaşdırma biblioqrafik təsvirin bütün sahələrini, habelə onun ayrı-ayrı ünsürlərini əhəmiyyətinə görə seçmə yolu ilə vermək həmişə mümkün deyildir.
Elektron ehtiyatlarının (materialarının) müxtəlif tipli olmasına baxmayaraq onları ümumi cəhətlər birləşdirir. Bu da sənədin sərlövhəsi, müəllifi, nəşri, nəşr tarixi, mətni, şəkilləri və s. (elekton və qeyri-elekton) əlaqələri ilə bağlıdır. Başqa sözlə kataloqlaşdırma üçün nəzərdə tutulan bütün ölçülərin mövcudluğu əsas götürülür. Lakin bir çoxları elektron ehtiyatlarının biblioqrafik təsvirinin aparılmasında çətinlik çəkirlər.
Bu proses 1960-1970-ci illərdə audio və video materiallarının təsvirində və ənənəvi kataloqlaşdırma sahəsində çətinlik yardırdı. Buna oxşar bir vəziyyət elektron ehtiyatlarının uçotunda da baş vermişdi. Kitabxanaçılar yeni tipli informasiyanın kataloqlaşdırılması prinsipinə, yəni elektron ehtiyatlarının uçotunu aparmağa başlamışlar. Burada təkcə sənədlər haqqında biblioqrafik informasiya deyil, həmçinin sənədin mətni haqqında da məlumat verməkdən ibarətdir.
Kitabxana şəbəkələrində elektron ehtiyatlarının kataloqlaşdırma problemləri daha mürəkkəb xarakter daşıyır. Elektron ehtiyatlarının təkcə əldə edilməsi, yerləşdirilməsi, internetə verilməsi deyil, həm də bütün informasiyanın həcminə görə kataloqlaşdırılmasını nəzərə almaq lazımdır. Bunsuz bütün sənəd-informasiya ehtiyatlarının kataloqlaşdırılması mümkün deyildir. Bu da bir sıra sənədlərin işlənmə və istifadə-etmə məhdudluğuna səbəb olur. Buna görə də elektron informasiya kütləsini düzgün müəyyənləşdirəcək iki cəhəti: elektron ehtiyatlarının kataloqunun yaradılması və internetə verilən kataloq ehtiyatlarının təşkilini xüsusi nəzərə almaq lazımdır.
Beynəlxalq standarta əsasən elektron ehtiyatlarının biblioqrafik təsviri bilvasitə sənədlərin vahid metodikasına əsaslanır.
Audiovizual sənədlərinin kataloqlaşdırılması daha çox elektron ehtiyatlarının xarici və daxili tərtibatından, qeydetmə obyektindən asılı olaraq “internet” üçün standart hazırlanmalıdır. Əgər ənənəvi kitabların təsvirinin mənbəyi titul vərəqi hesab olunursa, elektron ehtiyatlarının təsvirinin mənbəyi onun xarici tərtibatı təşkil edir ki, burada da elektron ehtiyatlarının bütün xarakteristikası əhatə edilir. Elekton ehtiyatlarının texniki xarakteristikası çoxcəhətli məna daşıyır.
Elekton ehtiyatlarının biblioqrafik təsviri ümumi elekton kataloqlarda verilə bilər. Lakin burada ənənəvi sənədlərin qeydləri də nəzərə alınır. Belə ki, elektron ehtiyatlarının struktur qeydləri ənənəvi kataloqlarda verilən təsvir ünsürlərinə uyğun gəlir. Lakin elekton kitabxanaların öz xüsusi kataloqları olmalıdır, yeni yaranmaqda olan elektron kitabxanalarında xüsusi elektron kataloqları yaradılmalı, özünə məxsus axtarış sistemi təşkil edilməlidir. Bunlarsız elektron kataloqlarının istifadəsi yararsız olar, sadəcə kartoçkalar toplusuna çevrilə bilər. Elekton kitabxanalar üçün özünəməxsus xüsusi elektron kataloqları təşkil edilməlidir.
Elektron kataloqlar avtomatlaşdırılmış informasiya sisteminin (AİS) növlərindən biridir. İnformatikada “nə axtarırısan?” sualı tələbatçı anlayışında “informasiya” termini kimi işlənilir. İnformasiya tələbatı hər şeydən əvvəl məqsəd istiqaməti ilə fərqlənir. Burada konkret tələbatçıların informasiyaya olan peşəkar və şəxsi xarakteristikası nəzərə alınır və tələbatçının sorğusu formalaşdırılır. Təbii olaraq informasiya tələbatı mücərrəd şəkildə deyil, konkret formada yaranır. Bu da o vaxt baş verir ki, tələbatçı konkret sorğu ilə kitabxanaya müraciət edir. Oxucular burada hər informasiya mənbələrinə, ənənəvi və ya maşında yazılan mənbələrə müraciət edir, lazımi informasiya əldə etmək üçün axtarış sisteminə: kataloq kartoçkalarına, referativ məcmuələrə, avtomatlaşdırılmış informasiya sisteminə, xüsusi hallarda elektron kataloqlarına müraciət edir. Burada ABŞ, Almaniya, Rusiya və digər ölkə kitabxanalarının təcrübəsi xeyli diqqəti cəlb edir.
Hər şeydən əvvəl gələcəkdə elektron kataloqları ilə işləməyin bəzi ümumi qaydalarının nəzərdən keçirək.
Birinci: ilk növbədə yaxşı olar ki, tələbatçı kitabxanada mövcud olan məlumat bazasının həcmini, daha doğrusu həmin bazada nə qədər biblioqrafik qeydlərin əhatə olunmasını, burada hansı növ sənədlərin əks etdirilməsini, bu prosesin hansı vaxtdan başlamasını, kataloqa daxil olan bütün sənədlərin əhatə olunmasını, kataloq kartoçkalarının tərtib edilməsini və onun elektron kataloqları ilə əlaqəli işlənməsini, kataloq kartoçkalarından istifadəetmə illərinin müəyyənləşdirilməsi, konkret bilik sahələrinin və ya tematik bölmələrin nəzərə alınmasını, sorğu-informasiyanın növlərini və onun axtarış sistemində istifadəsini bilməlidir.
İkinci: elektron kataloqlarının ekranında axtarışlar ardıcıl aparılır və müxtəlif məlumatlar verilir. Əgər ekranda axtarışların sadalanma imkanı varsa, onda tələbatçı sadəcə olaraq ekranda göstərilən lazımi variant seçir və lazımi informasiyanı əldə edir.
Üçüncü: ekranda verilən xidmət klavişinin dəstəyinin sətirlər, xətlər arasında hərəkəti yuxarı, aşağı istiqamətdə dəqiq təmin olunmalıdır.
Elektron kataloqlarının proqramı daxilində biblioqrafik təsvirin hər hansı iş prosesində axtarışını həyata keçirmək mümkündür. Burada sənədin rəf indeksini düzgün müəyyənləşdirmək lazımdır ki, sənədlərin və ya əlyazmalarının tələbatçılara çatdırılması mümkün olsun. Biblioqrafik təsviri əsas sayılan ünsürləri hesabına aparmaq daha əhəmiyyətlidir. Burada ən çox sənədin başlığı (müəllifi, tərtib edəni, toplayan, işləyəni, tərcümə edəni, rəssamı və s.), kitabın sərlövhəsi, buraxılış məlumatları, beynəlxalq standart nömrəsi (ISBN) nəzərə alınır.
Sənədlərin axtarışı KBT, UOT cədvəlləri əsasında müəyyənləşdirilən şifrələr elektron kataloqlarında əks olunur. Burada şifrə elektron kataloqlarında əks olunur. Lakin yoxlamaq lazımdır ki, kataloqlarda göstərilən şifrələr elektron kataloqlarını təmin edirmi, oxucu tələbatını ödəməyə imkan verirmi. Son illərdə KBT-nin yenidən təkmilləşdirilməsi elektron kataloqlarının daha səmərəli tərtib olunmasına tam imkan verir. Məhz bu da respublikamızda kütləvi kitabxanalarda KBT cədvəli əsasında elektron kataloqlarının tərtib edilməsi və onların istifadəsini xeyli asanlaşdıracaq.
Sənədlərin tematik axtarışı və informasiyanın əldə edilməsi əhəmiyyət kəsb edir. KBT əsasında tərtib edilmiş elektron kataloqlarından tematika üzrə aparılan axtarışlar mühüm əhəmiyyət kəsb edir və istənilən məqsədə nail olmaq mümkündür. Ümumiyyətlə. Elektron kataloqlarında aşağıdakı mövzulardan (rubrikalardan) daha geniş istifadə edilir:
a) presmet rubrikaları
b) açarlı sözlər
c) kitabxana-biblioqrafiya təsnifatı (KBT, UOT, ABŞ konqres kitabxanasının təsnifatı və s.
Onu da qeyd edək ki, bu sahədə bəzi iri kitabxanalar , o cümlədən M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Respublika Prezidenti İşlər İdarəsinin Kitabxanası, MEA Mərkəzi Elmi Kitabxanası, Respublika Elmi Texniki Kitabxanası, Respublika Elmi Pedaqoji Kitabxanası və b. müəyyən işlər görmüşlər. Bu kitabxanaların internetə qoşulması böyük nailiyyətdir və elektron kataloqların yaranmasına müsbət təsir göstərəcəkdir.
Bununla belə, ölkəmizdə hələ də elektron kataloqların təşkil olunmaması onun tətbiqi imkanlarını xeyli çətinləşdirir. Halbuki, respublika kitabxanalarında elektron kataloqların tətbiqi soraq-informasiya prosesini səmərələşdirər, ən qiymətli sənədlərin əldə edilməsini və tətəbatçılara çatdırılmasını sürətləndirər.





ƏDƏBİYYAT
1. Армс В. Элекронные библиотеки. Перев. с английского.- М., 2002,-271с.
2. Бекренева, Т.А. Электронный каталог ГПНТБ СО ран в развитии // Библиография.-2001.- №2.-С 57-53
3. Вершинин, М.И., Масевич А.И. Создание электронного каталога иностранных журналов БАН: концепция, состояние дела, планы и перспективы // Научные и технические библиотеки.-2002,-№11.-74-89.
4. Грибов В.Т. Новые информационные технологии в библиотеках, новые решения // « Библиотеки и ассоциации в меняющемся мире: новые технологии и новые формы сотрудничества»: Материалы конф -М.: ГПНТБ России, 1998-Т.1.
5. Европейский проекты электронный библиотеки // Науч. и тех. б-ки, 2002.-№1.-115-123.
6. Евстингева Г.А., Земсков А.А., Элекронные версии депозитарных фондов научных библиотек // Науч. и тех. б-ки.-2003,-№ 7.-с. 5-21.
7. Земсков А.И., Элекронные книги-новый взгляд // Науч. и тех. б-ки.-2003,-№5.-64-75.
8.Xələfov A.A. Kitabxanaşünaslığa giriş (Dərslik. H.3).-.:Bakı Universiteti Nəşriyyatı, 2003.-314s.
9. Халафов А.А., Курбанов А.И. Проблемы компьютеризации библиотек Азербайджана // Библиотечное дело: Материалы конференции.- М., 2000.-С36-37
10. Лавренова, О.А. Электронные каталоги: тенденции и практика Российской государственной библиотеки // Науч. И тех. б-ки.-2000.-№2.-С.29-35.
11. Мотрененко, И.Л. Традиционные и электронные каталоги: дифференцированный подход // Библиография.-2001.-№2.-С.59-67.
12. Кузмин Е.И. Библиотеки и федеральная программа «Культура России» (2001-2005) // Науч. И тех. Б-ки.-2001.-№1.-47-63.
13. Майстрович Т. Что делать с электронными публикациями? // Библиотека.-2000.-№ 7.-с.27-29.
14. Надпорожская Е.В. и др. Опыт конвертировния базы данных электронного каталога из АС-Обл Библиотека в систему автоматизаций библиотек ИФБИС // Науч. и тех. б-ки.-2002.-№2.-22-26.
15. Павликова М. Сетевые технологии и журналистика: эволюция финских СМИ.-М., 2001.-99с.
16. Сводные каталоги в электронной среде // Библиотековедение.-2002.-№3.-с.58-59.
17. Шрайберг Я.Л. Современное тенденции развития библиотечно-информоционных технологий // Науч. и тех. б-ки.-2002.-№1.-25-47.

Орудж ГУЛИЕВ





Некоторые вопросы о создании электронных каталогов
в библиотеках Азербайджанской Республики
при информационном обществе



РЕЗЮМЕ
В работе проанализированы состояние и организация электронных каталогов в системе библиотечного фонда и выявлена их роль обслуживании широких кругов читателей-пользователей документально-информационной базы библиотек с помощью Интернета с разными библиотеками стран мира и внутри страны.
Здесь же выявлены некоторые их положительные стороны в пропаганде самых ценнейших среди людей, отражающие интересы и потребности всех занимающихся приобретением ими необходимых информационные материалов.




KİTABXANAŞÜNASLIQ VƏ BİBLİOQRAFİYA ELMİ
Jurnalı

    28-12-2011, 14:04    Çap et